Bizi öldürdü fəraqında qəmin, ay qaragöz

Bizi öldürdü fəraqında qəmin, ay qaragöz
Müəllif: Molla Qədir Naci
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Bizi öldürdü fəraqında qəmin, ay qaragöz,
Nə qəmin, düşmənə lütfü kərəmin, ay qaragöz.

Səni tərk eyləməzəm, cismimi hər ləhzə əgər
Çak-çak eyləsə tiği-sitəmin, ay qaragöz.

Muyə döndərdi təni-zarimi zülfün həvəsi,
Qıldı xəm qəddimi əbruyi-xəmin, ay qaragöz

Paybənd etdi qədin, eylədi dilxun dəhənin,
Qönçəvü sərvini baği-İrəmin, ay qaragöz.

Var mənim həm neçə min xeyli-qəmü ənduhum
Gər sənin var isə min-min həşəmin, ay qaragöz.

Zirveyi -ərşə yetər payeyi-izzü şərəfim,
Başıma yetsə qubari-qədəmin, ay qaragöz.

Qurtatar rəncü qəmü dərdü bəladən Naci –
Vətəni olsa hərimi-hərəmin, ay qaragöz.