Bizim (23.05.2021)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]


Yeri, düşmən, yeri get! Yer də bizim, yurd da bizim!

Təslim oldun, di kiri! Sülh də bizim, şərt də bizim!


Bəsdi çaqqalsayağı saldın ulartı cahana –

Şirimiz nərə çəkərkən ulayan qurd da bizim!


Kiməsə arxalanıb quyruğunu çox bulama –

Bil ki, quyruqkəsənik – tut da bizim, xırt da bizim!


Nooldu bəs, Anna, bizi dəvət edirdin Şuşaya?

Şuşada biz içirik – çay da bizim, tort da bizim!


Doğrudan da quduran qırx günə qalmaz dedilər:

Qara gün qabladığın gün sayı qırx dörd də bizim!


Gah ipək, gah da poladdır qocaman türkün əli:

Qonağa yumşaq olan, düşmənə çox sərt də bizim!


Elə bil, ömrünü verdin bada, Teymur, daha sus –

İzimiz qalmasa sözdən anamız yurdda bizim...