Bizim ellər yerindəmi
Bizim ellər yerindəmi Müəllif: Koroğlu |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Göydən gedən beş durnalar,
Bizim ellər yerindəmi?
Bir-birindən xoş durnalar,
Bizim ellər yerindəmi?
Söhbət olurdu sazınan,
Ördək olurdu qazınan,
Neçə incəbel qızınan
Tuti dillər yerindəmi?
Sevib-seçib bəyəndiyim,
Sedasına oyandığım,
Arxasında dayandığım
Mərd dəlilər yerindəmi?
Bəzirgana sataşdığım,
Qumaşına bulaşdığım,
Dönüb boyundan aşdığım
Çənlibellər yerindəmi?
Hərdən işvə, qəmzə satan,
Mənimlə ixtilat qatan,
Gələndə at başı tutan
Şux gözəllər yerindəmi?
Çalxalanıb döyündüyüm,
Arxa verib söyündüyüm,
Qovğa günü öyündüyüm
Nər dəlilər yerindəmi?
Koroğlu heç deməz yalan,
İndi olub bağrı talan.
Dəmirçioğlu, Dəli Hasan,
İgid ərlər yerindəmi?