Boranlı qış gecəsi
Boranlı qış gecəsi Müəllif: Cəfər Cabbarlı |
Boranlı qış gecəsi, şaxta şiddətilə kəsir
Külək vıyıldayaraq səs salır biyabanə;
Cahan zülami-kədər pərdəsilə puşidə,
Qaranlıq iştə çöküb məclisi-şəbistanə.
Uzaqda, kənd kənarında bir uçuq evcik.
Əvət, dağılmış, uçulmuş xərabə bir məqbər.
Zülami-nikbət içindən gəlir inilti səsi,
Baxanda xəstə uşaq, bir də xəstə bir madər.
Qaranlıq evdə uzanmlş da bir cavan arvad,
Vərəmli çöhrəsi solğun, zülamə müstəğrəq;
Ağır nəfəslər alır, biməcəl olub bayılır,
O bir cənazə və ev bir məzardir mütləq;
Batıb zərif, sarımtıl yanaqları çuxura.
Nədir bu mənzərə, ya rəb? Nə qəmli simadır!
Üzündə sayeyi-möhnət, baxınca zənn olunur:
Deyil bu canlı bəşər, bəlkə bir müqəvvadır;
Ölür, ölür də, fəqət müntəzir səbisindən
Ki, yox cahanda onun bir ənisi-qəmxanrı.
Baxır nigahi-təhəssürlə nuri-didəsinə,
Xəyal edir ki, onun kim olar pərəstarı
Çocuq fəğan ilə qucmuş zavallı anasını,
-Ana! Acam! - deyə ağlar, qadın baxır mədhuş.
Nə var dolanmağa taqət, nə var danışmağa dil,
Həzin nəzərlə baxır, ağlayır, olur bihuş.
Əsir külək yenə vəhşi kimi guruldayaraq,
Vıyıldayır, bağırır, artırır da dəhşətini;
Vurur, yıxır, dağıdır, sındırır, ucaldır səs,
Bəşər vücuduna san göstərir ədavətini.
Baxır ana çocuğa bir nigahi-həsrətlə,
İnildəyir də onun hüzni-infialında.
Ona baxıb düşünür, ondan ötrü çırpınıyor
Onun xəyali gəzir həp sönük xəyalında.
Əvət, onu düşünür bu xərabədə anasız,
- Çörək! Çörək! - deyərək eyləyir vidani-həyat.
Kömək dilər kimi, ətrafmi süzər sakit;
Baxır, baxır da, fəqət kimsə görməyir, heyhat!
Nə qəmli mənzərədir, son nəfəsdə bir madər
Bir iztirab ilə etmiş səbisini bərduş.
Bir intizari-təhəssürlə gözləri süzülür,
Ölür, ölür, şaşırıb həp çocuq baxır xamuş.
O dəm işıqlanıb ev nagəhan iki ərlə,
Döşü nişanlı gözəl bir qadın olub daxil;
Qadın qaçıb çocuğu qapdı, basdı sinəsinə
Öpürdü, sanki öz övladına olub vasil.
Görüncə sineyi-şəfqətdə kəndi yavrusunu,
Gülümsünüb, hər iki əllərin zəlilanə
Uzatdı ol qadına, san: "Apar, bacım, saxla!” -
Deyirdi, həp süzülən gözləri səmimanə.
Qadın yenə uyudu... ah, şimdi pək rahət,
Birər təbəssümi-şəfqət öpür dodaqlarını;
İztirabi onun, şimdi oxşayır ancaq
Birər piri-təsəlli soluq yanaqlarını.