Britaniya parlamentinin “Hüquqlar Haqqında Qanun”u (1689)
Bu əsəri və ya bölməni vikiləşdirmək lazımdır. Lütfən, onu ümumvikimənbə qaydalarına uyğun şəkildə tərtib edin. |
Sənəd haqqında məlumat
redaktəİngiltərədə 1649-cu ildə bərqərar olan və lord-protektor Oliver Kromvelin başçılıq etdiyi respublika uzun müddət qala bilmir. Kromvelin hərbi diktaturası mahiyyətcə kral hakimiyyətindən az fərqlənirdi. Kromvel doqquz illik hakimiyyəti dövründə üç dəfə parlamenti qovmuş və son olaraq bütün hakimiyyəti öz əlinə almışdı. 1658-ci ildə Kromvel öldükdən sonra hakimiyyət onun oğluna keçir, lakin o, bu cür qarışıq vaxtda dövləti idarə edə bilmir. İki ildən sonra parlament edam edilmiş kral I Karlın oğlunu taxt-taca dəvət etmək qərarına gəlir. Xalq kralı sevinclə qarşılayır. Kral zəbt edilmiş torpaqları öz əvvəlki sahiblərinə qaytarmağı əmr edir, vahid anqlikan kilsəsini bərpa və protestant sektalarını qadağan edir. Lakin inqilab ölkəni dəyişmişdi və onu köhnə qaydalarla idarə etmək mümkün deyildi. Parlament kralın onu buraxmasına imkan verməmək məqsədilə kralın xərcləri üçün hər il parlament tərəfindən pul vəsaitinin müəyyən olunması haqqında qərar qəbul edir, kral nazirlərinin fəaliyyətinə nəzarət etmək hüququ müəyyənləşdirir və kralın hər hansı fərman verməməsinə nəzarət edir, belə ki, ölkədə qanunları yalnız parlament qəbul etməli idi. Parlamentdə “torilər” (kralın tərəfdarları) və “viqlər”in (parlamentin üstünlüyünü müdafiə edənlər) partiyaları yaranır. Onların arasında mübarizə 1679-cu ildə kəskinləşir, bu vaxt viqlər kraldan tələb etdilər ki, öz kiçik qardaşını katolik olduğuna görə varislik hüququndan məhrum etsin. II Karl bu tələbi yerinə yetirməkdən imtina edir və parlamenti buraxır. Bundan sonra parlament dörd il çağırılmır. Üsyan etmiş viqlər darmadağın edilir, onların liderləri edam olunur, yaxud mühacirət etməli olur. 1685-ci ildə II Karl ölür və onun oğlu II Yakov taxta çıxır. O, katolikliyə böyük rəğbət bəsləyirdi və Fransa kralı XIV Lüdovikin təsiri altında idi. II Yakov parlamentlə hesablaşmadan ölkəni idarə edirdi. Bu, üsyana səbəb olur, lakin üsyan kral tərəfindən amansızlıqla yatırılır, 200-dən çox adam edam olunur. Bu qələbədən məst olmuş kral parlament və əhalinin əhval-ruhiyyəsi ilə hesablaşmamaqda davam edir və “Dini dözümlülük haqqında bəyannamə” verir. Bu bəyannamə əhali tərəfindən İngiltərədə ən çox nifrət edilən katolikliyin bərpa olunması istiqamətində ilk addım kimi qəbul olunur. Torilər və viqlər birləşir və II Yakovu qovaraq onun qızı Mariyanı əri, holland mənşəli Oranlı Vilhelmlə birlikdə taxt-taca dəvət etmək qərarına gəlirlər. 1688-ci ildə Vilhelm İngiltərə sahillərinə çıxır, II Yakov isə öz vətənini tərk etməli olur. Parlament III Vilhelmi taxta çıxarır və 1689-cu ildə Magna Carta ruhunda tərtib edilmiş “Hüquqlar haqqında Qanun”u (Bill of Rights) ona təqdim edir. Bu sənəd parlamentin kral hakimiyyəti üzərində üstünlüyünü təsdiqləyir, beləliklə də ölkədə konstitusiyalı monarxiyanı bərqərar edir. Bundan sonra parlament qanunlar verməklə ölkəni idarə edir, kral isə “padşahlıq edir, lakin idarə etmir”. Bu hadisələr “Şanlı inqilab” adını alır və parlamentlə mütləqiyyət arasında təxminən yüzillik müharibəyə son qoyur. 1707-ci ildə, kraliça Annanın hakimiyyəti dövründə Şotlandiya, İngiltərə və Uels birləşir və vahid parlament formalaşır, bundan sonra krallıq Böyük Britaniya adlanır. “Şanlı inqilab”dan sonra da parlament ölkənin bütün əhalisini təmsil etmirdi. Böyük Britaniyanı (təminatlı insan haqları baxımından) hələ nə demokratik, nə də azad ölkə adlandırmaq olardı. Əhalinin yoxsul təbəqələri, eləcə də bəzi etnik azlıqlar və qadınlar səsvermə hüququndan və digər mühüm hüquqlardan məhrum idi. Maraqlıdır ki, məşhur iqtisadçı Adam Smit (1723 –1790) Edinburq Universitetinin professoru olsa da, səsvermə hüququna malik deyildi... 1876-cı ildə həyata keçirilmiş böyük seçki islahatı nəticəsində səsvermə hüququ olan şəxslərin sayı iki milyon nəfərədək artır. Böyük Britaniyada (ABŞ-da olduğu kimi) ümumi seçki hüququ uzun mübarizədən sonra yalnız bizim yüzilliyin 20-ci illərində tətbiq olunur. Böyük Britaniya qadınları seçki hüququna sonuncu olaraq nail olurlar (məhz nail olurlar, yuxarıdan almırlar). Təqribən səkkiz əsr ərzində zadəganlar, varlı tacir və sənayeçilər, muzdlu fəhlə və qulluqçular, etnik və dini azlıqlar, qadınlar addım-addım öz hüquq və azadlıqlarını genişləndirirdilər. Belə bir cəmiyyətdə hər hansı bir qrupun və ya ayrıca fərdin tarixinə, həyat tərzinə çevrilmiş haqlarını məhdudlaşdırmağa cəhd göstərmək belə mümkün deyil. Bizim üçün Konstitusiyamıza yazılmış hüquqlar uğrunda mübarizə yenicə başlayır və bu mübarizə nə asan, nə də qısamüddətli olacaq və qoy şəxsi və siyasi azadlıqlar uğrunda Britaniya mübarizlərinin inadkarlığı bizim üçün ilhamverici örnək olsun.
Sənədin mətni
redaktəParlamentin razılığı olmadan kral hakimiyyətinin qanunları və ya onların həyata keçirilməsini dayandırmaq hüququnu mənimsəməsi qanunsuzdur...
...Bununla yuxarıda adı çəkilən dini və dünyəvi lordlar, eləcə də üçüncü zümrə nümayəndələri onların mövqeyini təsdiq edən məktublara və seçkilərin onlara verdiyi hüquqa uyğun olaraq burada millətin tam və azad nümayəndəliyində toplaşıb yuxarıda göstərilən məqsədlərə çatmaq üçün xeyirxah niyyətləri tam ciddiliklə nəzərə alaraq, ilk növbədə onların qədim hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədilə belə hərəkət edərək bəyan edirlər: 1. Parlamentin razılığı olmadan kral hakimiyyətinin qanunları və ya onların həyata keçirilməsini dayandırmaq hüququnu mənimsəməsi qanunsuzdur... 4.Parlamentin icazəsi olmadan müstəsna hüquq iddiası ilə taxt-tacın ehtiyacları və xərcləri üçün pul toplamaq qanunsuzdur... 5.Subyektin krala petisiya (müraciət) vermək hüququ var və buna qarşı olan bütün maneələr qanunsuzdur. 6.Sülh şəraitində parlamentdən icazəsiz krallıqda nizami ordu saxlamaq və onu gücləndirmək qanunsuzdur... 8.Parlament üzvlərinin seçkisi azad olmalıdır. 9.Parlamentdə nitq və fikir söyləmək azadlığı məhkəmədə və ya parlamentdənkənar hər hansı bir yerdə təqib oluna və töhmətləndirilə bilməz... 11.Andlılar lazımi qaydada tərtib olunub seçilməlidir və böyük xəyanət(1) haqqında məsələyə baxılarsa onlar əmlak yiyələri olmalıdırlar. 12.Məhkəmənin hökmü yoxdursa cərimələr qanunsuzdur. 13.Parlament bütün şikayətləri təmin etmək, qanunları qorumaq, möhkəmləndirmək və onlara dəyişikliklər etmək üçün tez-tez toplanmalıdır. Və onlar təntənəli surətdə bildirir, tələb və təkid edirlər ki, yuxarıda sadalananlar hamıya və hər kəsə onların alınmaz hüquq və azadlıqları kimi şamil edilir; bu müddəalardan hər hansı birində insanlara ziyan gətirən çıxışlar, məhkəmə qərarları, hərəkət və əməllər nəticə kimi göstərilə və ya nümunə hesab oluna bilməz.
Mənbə
redaktə- Hikmət A.Hacızadə. “Demokratiya: Gediləsi Uzun bir Yol” Demokratiya və Antidemokratiya Antologiyası (e.ə.430 – b.e.1998).FAR CENTRE, Bakı, 2001