Bu dünya malı
Bu dünya malı Müəllif: Kərbəlayi Qurban Məhəmməd oğlu |
Harda ki, azdı
Bu dünya malı.
Nəzir-niyazdı,
Bu dünya malı.
Zəhərdü, baldı,
Haram-halaldı,
Dünyada qaldı-
Bu dünya malı.
Şabaş-xəzəldi,
Nazlı gözəldi,
Mədhü qəzəldi
Bu dünya malı.
Yesən, dadındı,
Versən, adındı,
Qalsa, yadındı-
Bu dünya malı.
Qurban, fəhm eylə,
Gətirmə dilə,
Düşməndi elə
Bu dünya malı.