Bu göylər şahının lütfü mənə sayə salıb əlan
Bu göylər şahının lütfü mənə sayə salıb əlan Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Bu göylər şahının lütfü mənə sayə salıb hər an,
O itmiş könlümə indi dübarə olmuşam sultan.
Ürək dil açdı, şükr etdi ki, qurtardım fəlakətdən,
Nə yaxşı, - söylədi canım, - tükəndi möhnəti-zindan.
Könül ki, oldu asudə, özümdən bir məsəl qurdum,
Deyim, şirin məsəldir bu, qulaq as, ləzzət al ondan!
Gedib məğribzəminə, bir kişi dərya kənarında,
Dararkan başını, bir tük yerə saldı o, başından.
Köçüb sonra o Məğribdən, güzan Məşriqə düşdü,
Külək əsdi, yağış yağdı, yarandı bir neçə tufan.
Otuz il keçdi ol gündən, yenə səyyah gəlib qərbə,
Haman yerdən götürdü öz tükün, oldu buna heyran.
Buna Xaqaninin halı, onun Abxaza ezamı,
Qəribə oxşayır. bir bax, necə dövr eyləyir dövran.
Olub Abxaz ona Məgrib, şahın dərgahı bir dərya,
Zavallı canı bir tüktək düşüb qalmış ora nalan.
Əgər bir vaxt o da canın taparsa tük kimi təkrar,
Ona məna edib, bir də gülərmi nanəcib düşman?
Olub indi mənə həmdəm səsi çaş-baş vuran bir ney,
Əlimdən öz neyimi, gör, necə aldı fələk asan.
Açılmış bir gül ağzıdır mənim ağzım bu gün yalnız,
Bu dünyaya səpər yaqutü fıruzə o gül əlan.
Fəqət, əfsus ki, heç gülməz könül, Rey mülkü də olsa,
O hər vaxt sadə bir sözlə olardı nəşəli, xəndan.
Bu Kür Ceyhun olar, Tiflis Səmərqəndi qoyar dalda,
O vaxt ki, Tiflisə Kürlə gələr Xaqani və xaqan.