Bu gözəl gün də keçər, dərd keçər, qəm də keçər

Bu gözəl gün də keçər, dərd keçər, qəm də keçər
Müəllif: Saib Təbrizi
Tərcümə edən: Balaş Azəroğlu
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Bu gözəl gün də keçər, dərd keçər, qəm də keçər,
Həyatın şadlığı da, hətta bu matəm də keçər.

Belə rahət yuxu da, mənasız ömrün günü də,
Səni heyran eləyən hər nə var aləmdə keçər.

Nə veribdir sıxılan qəlbimizə boş səhra?
Ürəyin nalələri zildə, ya da bəmdə keçər.

Bil ki, ayla günəşi əks eləmir eşq seli,
Paranın hökmü dinarla yenə dirhəmlə keçər.

Bir adam yoxdu ki, yansın belə qəlbin halına
Bir dinarçın o başından, desən hər dəmdə keçər.

Bu necə gözdü ki, bir işvə ilə baxsa əgər,
Ahular qərq olar o işvəli aləmdə, keçər.

Saibin qəlbinə də təsir edər əhli-həsəd
Aynaya dəysə nəfəs tar da olar, nəm də keçər.