Bu gün ələ almaz oldum mən sazım
Bu gün ələ almaz oldum mən sazım Müəllif: Şah İsmayıl Xətai |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Bu gün ələ almaz oldum mən sazım,
Ərşə dirək-dirək çıxar avazım,
Dörd şey vardır bir qarındaşa lazım,
Bir elim, bir kəlam, bir nəfəs, bir saz.
Gözəl elim çıxsa, çıxsa, salınsa,
Bədir aylar kimi doğsa, dolunsa,
Dörd şey vardır bir qarındaşa lazım,
Bir xeyir, bir şər, bir ibadət, bir niyaz.
Yaz olunca çayır-çəmən üstünə,
Ərməğan sunarlar dostu-dostuna,
Dörd şey vardır ovçu almış dəstinə,
Bir şahin, bir doğan, bir əspir, bir baz.
Cahil olan söylər, sözünü bilməz,
Meydana gəlincə özünü bilməz,
Dörd şey vardır cənnət yüzünü görməz,
Bir münkir, münafiq, bir Yezid, qanmaz.
Şah Xətaim aydır: — Sən qulun nedər?
Gözəl dünyasını tərk edər gedər,
Dörd şey vardır ildən-ilə dövr eder.
Bir aydır, bir gündür, bir qışdır, bir yaz.