Gözəllər, mətəl qalmışam, bir belə xublara bu gün –
Ağlımı aldı başımdan, günüm oldu qara bu gün,
Ah çəkdim, fəğan elədim, etmədi bir çara bu gün,
Cismimi büryan elədi, axır yandım nara bu gün.
Gözəlləri sana çəkdim, bu dünyada çoxdu sayı,
Keykavusdan bəri baxdım, bəhsin etdim, yoxdu tayı,
Nəfsimi oda yandırdım, Haqq-taladan alıb payı,
Qaşı-gözü düz qurulub, heyranam cəbbara bu gün.
Şəmsül-Məlik zamanından belə gözəl görməmişəm:
Tellərini sığallayıb, saçlarını hörməmişəm.
Düşdüm ərəsət düzünə, sərgərdanlıq oldu peşəm,
Zülmü-sitəm etdi mənə, neyləyim əğyara bu gün?!
Çox dolandım bu dünyanı, tutiyəsin çəkdim gözə,
Sənin tayın Reydə gördüm, mufsid olma, qoyma sözə,
Hicridə tənha qalmışam, salıbsan manqala, közə,
Ay Məleykə, imdad elə, bir busə ver, yara bu gün.
Kirpiklərin neştər kimi, qəhr edirsən yaman mənə,
Tuti-zəban, yandı canım, rəhmin gəlsin aman, mənə,
Alı deyər: yar olasan, a qaşları kaman, mənə,
Qulun ollam illərinən, məhbub ollam vara bu gün.