Bu gün bir qız gördüm, hazar eylədim

Bu gün bir qız gördüm, hazar eylədim
Müəllif: Şair Aqil
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

 Bu gün bir qız gördüm, hazar eylədim,
İstədiyim dostlar onu görməsin.
Yönüm düşüb, qəfil güzar eylədim,
Görüm, Allah, onu safa sürməsin!

Xəbər aldım, onun adı Süsənbər,
Boyu uzun, ağlı gödək, kəmhünər.
Qoy utansın onu əkən nərə xər,
Övladına pis tərbiyə verməsin.

Gül iyisin bulmaq olmaz soğanda,
Ölsün ana pis övladı doğanda.
Kəndin ayağında, İnəkboğanda,
Fikrinizə özgə yerlər gəlməsin.

Aqil, nəsihəti vermə nadana,
Gen dünyada nə qanıbdı, nə qana.
Mərifətsiz ata, abırsız ana,
Övladını gödək bağla, hürməsin.