Bu gün tiğin çəkib, çıxmışdır ol namehriban sərxoş

Bu gün tiğin çəkib, çıxmışdır ol namehriban sərxoş
Müəllif: Məhəmməd Füzuli


Bu gün tiğin çəkib, çıxmışdır ol namehriban sərxoş,
Saqın, ey rəhm edən caninə kim, bilməz aman sərxoş.

Ona hüşyar ikən dərdi-dil istərmən deyəm, saqi,
Peyapey sunma camı, qılma ol sərvi rəvan sərxoş.

Degil təqvadən etsəm badə tərkin, vəhmim ondandır
Ki, izhar eyləyim xəlq içrə eşqin nagahan sərxoş.

Məgər qan içmək ilə əsrümüş nərgislərin, vər nə
Bəsi mey nuş edənlər gördüm, olmaz böylə qan sərxoş.

Meyi-eşqinlə sərməst olduğum eldən nihan qalmaz,
Mühali-əqldir kim, saxlaya razin nihan sərxoş.

Könül ta oldu bixud, aldı qəmzən canımı təndən.
Verər yəğmayə nəqdi-gəncin olğac pasiban sərxoş.

Füzuli, qeyr ilə xəlvət məgər bəzm etmiş ol gülrux,
Rəqibi-kəcrövü gördüm bu gün bari yaman sərxoş.