Bu gələn Eyvaz, bu gələn
Bu gələn Eyvaz, bu gələn Müəllif: Koroğlu |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Nigar xanım sənə deyim
Bu gələn Eyvaz, bu gələn.
Əynindədir polad geyim,
Bu gələn Eyvaz, bu gələn.
Eyvazım on beş yaşında,
Qüdrət qələmi qaşında,
Durna teli var başında,
Bu gələn Eyvaz, bu gələn.
Meydanda igidlər mərdi,
Qabaqda ər oğlu ərdi,
Dava günü qızmış nərdi,
Bu gələn Eyvaz, bu gələn.
Misri qılınc dəstindədi,
Ərəb atın üstündədi,
Şirin canın qəstindədi,
Bu gələn Eyvaz, bu gələn.
Cəmi dəlilərin xası,
Meydanda var mərd davası,
Koroğlunun qoç balası
Bu gələn Eyvaz, bu gələn.