Bu qızın (Məlikballı Qurban)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bu qızın
Müəllif: Məlikballı Qurban
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06.

Nə əcəb xub yaradıb hüsnünü tarı bu qızın!
Nə əcəb gülşənə bənzər gülüzarı bu qızın!
Nə əcəb məstlənib çeşmi-xumarı bu qızın!
Nə əcəb tazə bitib heyvası, narı bu qızın!
Nə əcəb çiçəklənib fəsli-baharı bu qızın!

Nə əcəb taği-müqəvvəs1 çəkilib qaşı kəman,
Nə əcəb xoş danışır ləzzətilən tuti zəban,
Nə əcəb xətləri reyhandı və həm püstə dəhan,
Nə əcəb gərdəni mina, nə əcəb incə miyan,
Nə əcəb bal ləbindən olu carı bu qızın!

Nə əcəb inciyi-dürdanə kimi ağ dişi var,
Nə əcəb badi-səbadən telinin cünbişi var,
Nə əcəb naz edibən işvə ilə gərdişi var,
Nə əcəb əhd ilə peymanə müvafiq işi var,
Nə əcəb göyçək imiş tutduğu karı bu qızın!

Nə əcəb əhməri gül, lalə yanağm gördüm,
Nə əcəb cənnət içində belə bağın gördüm,
Nə əcəb fürsət ilə xəlvət otağın gördüm!
Nə əcəb dişləməli, öpməli çağın gördüm!
Nə əcəb eyləyib Allah məni yarı bu qızın!

Nə əcəb söhbəti var, xırda məqalət, nə əcəb,
Nə əcəb dərdi-dilə verdi kifayət, nə əcəb,
Nə əcəb düşmüş imiş nəqşi-xəyalət, nə əcəb,
Nə əcəb istər imiş busə, vüsalət, nə əcəb,
Nə əcəb Qurbana rast gəldi bazarı bu qızın!