Bu qaranlıq gecə yarəb çəkəcəkdir nə qədər
Bu qaranlıq gecə yarəb çəkəcəkdir nə qədər Müəllif: Abbasqulu ağa Bakıxanov |
Bu qaranlıq gecə yarəb çəkəcəkdir nə qədər,
Olacaqmı bitə hicran, gülə nurani səhər?!
Bir ömürdür çəkirəm nalə ömür yazında,
Bəlkə tutsun ürəyimdən o gözəl yar xəbər.
Aman ey badi-səba, sal yada bu halımı sən,
Ol vəfasız yarımın kuyinə gər düşsə güzər.
Sevginin ovlağı çox qorxulu bir sahə tutur,
Orda qartalı vurar bircə oxu ilə nəzər.
Düşdü töhmət toruna qəlbimiz, ey yar gərək,
Zülfün olsun bizə rəhbər ki, keçə bəlkə xətər.
Təkyə verdimsə yarın zülfünə, zahid, qınama,
Sevginin yorğunuyam, başqa xəyal etmə hədər.
Ol xumar gözlə üzün əldən alıb taqətimi,
Çıxmaz eşqin ürəyimdən də çalışsam nə qədər.
Nuh kimi kuyinə düşsəm o sitəmkar gözəlin,
Qorxuram göz yaşın axır məni siylaba verər.
Qüdsi, ömründə tutub guşeyi-ismət daim,
Qanı axsın hədərə çıxsa bu ismətdən əgər.