Bu sevda
Bu sevda Müəllif: Çıldırlı Aşıq İrfani |
Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şeirləri, haqqındakı dastan-rəvayətlər), Bakı, “Elm və təhsil” nəşriyyatı, 2016 |
Ta əzəldən bu sevdayı bilməzdim,
Bir gözəldən yadigardır, bu sevda,
Çəkən bilir eşq ataşı nədəndir,
Çəkməyən nə bilsin, nədir bu sevda?!
Sağımda, solumda duran mələkdir,
Haq yolunda qəbul olan diləkdir,
Sevda dedikləri oddan köynəkdir,
Geyən bilir, nasıl nardır bu sevda.
İrfani der: sana eylədim nəzər,
Çox zamandır ahı-zarından gəzər,
Sevdana düsənlər yolundan azar,
Mənə sərmayəsiz kardı bu sevda.