Bu yandadı
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Gedər ikən bu ümmana tuş oldum,
Bəhrlər çalxanır, göl bu yandadı.
Boy gedər bir yana, buxaq min yana,
Cığa pərvaz eylər, tel bu yandadı.

Gülgəz dəli olub yoxsa divana?
Üz çevirib gedir çöl-biyabana,
Burdan bir yol gedir ol Tufarqana,
Tamam qohum-qardaş, el bu yandadı.

Hökmün Malik Əjdər, ismindi Ədhəm,
Didələrim qan-yaş tökər dəmadəm,
Lütf eylə Abbasa, qibleyi-aləm,
Qadasın aldığım, yol bu yandadı.