Bu yerdə tapılmaz
Bu yerdə tapılmaz Müəllif: Aşıq Ələsgər |
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Yazıq aşıq, vermə ömrünü zaya,
Qədirbilən can bu yerdə tapılmaz.
Kişidə abır yox, arvadda – həya,
Nə ədalət xan bu yerdə tapılmaz.
Çarxı-fələk məni saldı kəməndə,
Bunların oduna düşmüşəm mən də.
Adları bəndədi, özü şərməndə,
Əsil müsəlman bu yerdə tapılmaz.
Bu gün tapıb, azdan-çoxdan alırlar,
Sabahı günün qayğısına qalırlar.
Qırıq-quruq, fətir-fütür salırlar,
Ac doyuran nan bu yerdə tapılmaz.
İki məlakə var, asılıb dardan,
Sovm-səlat saqit olub bunlardan.
Xeyir məlakəsi qalıb sərgərdan,
Savabı-ehsan bu yerdə tapılmaz.
Bica işdi mən bu sözü deməyim,
Ölübdü sərdarım, tutulub bəyim.
Ağ otağım, əlvan yorğan-döşəyim,
O şövkətü şan bu yerdə tapılmaz.
Ələsgər, viranda xəstə düşğünən,
Eyham anla, sözün üstə düşgünən.
Şahi-Xorasana bəstə düşgünən,
Dərdinə dərman bu yerdə tapılmaz.