Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandan
Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandan Müəllif: Məhəmməd Füzuli |
Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandan
Kim, ol can döndərər cismə, bu cismi ayırar candan.
Tutub rahi-ədəm, bulmuş dəhanından könül kamın,
Mənə həm cəzmdir ol əzm, mən həm qalmazam andan.
Qəmim şərh etmək içün istərəm hər gördüyüm saət
Tutam damanını, dəyməz əlim çaki-giribandan.
Təvafi-kuyin istərdim qılam, bari-qəmi-eşqin
Xəm etdi qamətim, yollar tutuldu xari-müjgandan.
Nə xoş ülfət tutubdur natəvan cismimlə can, guya
Sanır bir tari-mudur o səri-zülfi-pərişandan.
Oxun gəldikdə çeşmim töksə bağrım qanın ondandır,
Ki, bağrım qanına yer qalmadı sinəmdə peykandan.
Sitəm daşı, məlamət xəncəri, bidad şəmşiri,
Füzuli, hər cəfa kim gəlsə xoşdur canə, canandan.