Bulaq (Şair Məmmədhüseyn)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bulaq (Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Səhər, axşam büsatın var,
Qoyma suyun dona, bulaq.
Hər gün səni pişvaz eylər,
Neçə-neçə “sona”, bulaq.

Gözəllərin gözəlləri,
Qələm qaşlı neçə pəri.
Bu dağların tək dilbəri,
Mehman olur sana, bulaq.

Yetir ona salamımı,
Məcnun-Məcnun kəlamımı.
Onsuz yaram sağalımı?
Dönər bağrım qana, bulaq.

Həzin nəğmədir zümzümən,
Ətrafındır nə xoş gülşən.
İlhamınla bu çöl, çəmən,
Gəlir hər il cana, bulaq.

Etmə məndən o, mələyi,
Odur eşqimin gərəyi.
Məmmədhüseynin də ürəyi,
Olub şana-şana, bulaq.