Bulunca
Müəllif: Şah İsmayıl Xətai
Mənbə: Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. s.332-333.

Gəl öyüd verəyim, öyüd alırsan,
Xidmət eylə genə gülü bulunca.
Karvan gedər, sağın, geri qalırsan,
Haman əldən qоyma yоlu bulunca.

Öldürsə də, çıxmaz yоldan yоl əri,
Gerçəklərin əlindədir yuləri,
Göründü, seyr eylə axan suları,
Qarışır ümmana seli bulunca.

Arı оldun, hər çiçəkdən alırsan,
Balın damızlığın qanda bulursan,
Yetmiş min ayətə dəlil оlursan,
Anlayıb da bu dəlili bulunca.

Dinləyib də bu mə’nayi yazmalı,
Hər kişi halınca quyu qazmalı,
Yeddi padşahlıq yeri gəzməli,
Halına münasib yeri bulunca.

Sil-süpür qəlbini, süddən bəyaz et,
Öldür nəfisini, şeytandan arıt,
Dоxsan dоqquz yerə çıxdı Bayəzid,
Halına münasib yeri bulunca.

Şah Xətayim aydur: – Baxma bu halə,
Könlümüzdə vardır bir ulu qala,
Əlif gələ, ayin gələ, mim gələ,
Dərdli qullar dərmanını bulunca.