Bura say! ("Cəmaət: Zilli-Sultan, bura say döydürüb aldıqlarını!")

Bura say! ("Cəmaət: Zilli-Sultan, bura say döydürüb aldıqlarını!")
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. II cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


C ə m a ə t
Zilli-Sultan, bura say döydürüb aldıqlarını!
Söyüb aldıqlarını, söydürüb aldıqlarını!

Z i l l i-S u l t a n
Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

C ə m a ə t
Sən ki, Avropada idin, niyə yorta-yügürə
Cumdun Iranə, bu viranədə düşdün də girə?
Saldın axır öz əlinlə özünü ağzıbirə,
Vec bitirməz sənə, dönmə dəxi daşə, dəmirə,
Boş danışma, bura say qapdırıb aldıqlarını!
Çapıb aldıqlarını, çapdırıb aldıqlarını!

Z i l l i-S u l t a n
Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

C ə m a ə t
Birbəbir yadına sal cümlə unutduqlarını,
Millətin qanın alıb şişəyə dutduqlarını,
Qış üçün axtalayıb yayda qurutduqlarını,
Gözlərin kəllənə də çıxsa, qus udduqlarını!
Boş danışma, bura say öldürüb aldıqlarını!
Bölüb aldıqlarını, böldürüb3 aldıqlarını!

Z i l l i-S u l t a n
Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

C ə m a ə t
Əlli il ölkədə vurmuşdun, a zalım, işini,
Sən ki, hazır eləmişdin çiyini, bişmişini,
Təməin indi nədir ya qıcıdırsan dişini?
Aç belindən dəxi şəmşiri-müzəffərkeşini!
Boş danışma, bura say satdırıb aldıqlarını!
Atıb aldıqlarını, atdırıb aldıqlarını!

Z i l l i-S u l t a n
Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

C ə m a ə t
Əhli-İranı uşaqdır deyə saldız beşiyə
Ki, məbada ayılıb ağlıya, durduz keşiyə,
Ta ki, açdı gözün iranlı, soxulduz deşiyə,
Iş çətinləşdi, daduş, yığdığını çək eşiyə!
Boş danışma, bura say asdırıb aldıqlarını!
Basıb aldıqlarını, basdırıb aldıqlarını!

Z i l l i-S u l t a n
Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!