Cəfərqulu xana (Hacı qulu səndən, ey taci-sərim)
Cəfərqulu xana Müəllif: Mirzə Fətəli Axundzadə |
Mirzə Fətəli Axundzadə şəxsi kitabxanasında olan “Zakir” divanının 287-289-cu səhifələrindəki avtoqrafında Cəfərqulu xana göndərilmiş bu mənzum məktubun yazılma tarixini 1860-cı il kimi göstərmişdir |
Hacı qulu səndən, ey taci-sərim,
Ziyadə-ziyadə xürrəm olubdur!
Söz veribdir sizə Qruzenştern,
Poçotniklik işi möhkəm olubdur.
Dünən güzar etmiş idi bu yana,
Çox söhbət eylədi Süleyman xana,
Guya bu müjdədən olub divana,
Papaq və saqqalı püfhəm olubdur.
Həmişə sizlərdən eylərdi qeybət,
Deyərdi, verməzsiz qədrinə qiymət.
Hanı onda indi əvvəlki halət?
Bi əcaib məddah adəm olubdur!
Bundan əqdəm on put qədri həlviyat,
Mir pəncəyə sizdən olubdur sövqat.
Döşüyəndə Hacı qutuya qat-qat,
Nisfindən artıcaq, bil, kəm olubdur!
Dedi: “Gərçi etdim onda bu işi,
İndi dəyişmişəm belə rəvişi.
Mən olmuşam xana ixlaslı kişi,
Köhnə niyyətlərim bərhəm olubdur”.
Pənah xan nəslindən dəxi bir adəm,
Tövbə etdi, aldatmayam dəmadəm.
Haciyi-möhtərəm, ey qibləgahəm,
Guya İbrahimi-Ədhəm olubdur!
Bundan belə olsun sizə bəşarət,
Hacı olub indi əhli-kəramət.
Gərək ola ona hər yerdə hörmət,
Cənabi-dövlətdən əkrəm olubdur!
Qruzenşternə sizdən bir namə,
Gərəkdir yazıla, yetə əncamə.
Yəqindir yetirir işin itmamə,
Zəxminə vədəsi mərhəm olubdur!