Cəfərqulu xana məktub

Cəfərqulu xana məktub
Müəllif: Mirzə Fətəli Axundzadə
Şeirin əlyazmasında onun nə vaxt yazılması barədə qeyd verilməmişdir. Çox güman ki, Cəfərqulu xana göndərilmiş bu məktub da 50-ci illərin sonu 60-cı illərin əvvəllərində yazılmışdır.


Səbəb nədir kim, yazdığım kağıza,
Heç cavab yetişməz bizim diyara?
Lütfi-xan kəm olub yəqin ki, məndən,
Əyləşib könlümə bir belə qara.

Oturub eylərəm fikir hər zaman:
Nə üçün bir kağız yazmaz mənə xan?
Yəqin ki, bizlərdən olmuş bədgüman,
Kəsildi yol, belə bağlandı ara.

Lazım olmuş mənə kim, yazım əhval,
Nə gunə keçinir keyfiyyəti-hal.
Əvvəl ki, qar tutub dağı salbəsal
Taqətdən düşübdür həm malü qara.

Başımıza gəldi dağda gör nə iş:
Gecə-gündüz yağır peydərpey yağış.
Bilmək olmaz yazdır, ya payız, ya qış,
Nahaq qaldıq bu il həsrət bahara.

Anlayıbsınız ki, bu xalqın pis işi,
Qoymayacaq gəlsin çəyirtkə quşi,
Öyrətdiniz molla oxusun daşı,
Tufan salsın şəhrə, çölə, dağlara.

İkinci tərəqqür olunan xidmət,
İnşallah düzəlir, gər olsa fürsət.
Qalaya gələndə eylərik söhbət,
Etdiyim əməllər olur aşkara...

Sındırdım balın və pərin Cəmalın,
Çıxartdım əlindən yerin Cəmalın.
Bir işə salıbsan sərin Cəmalın,
Əlimizdən məgər ölə, qurtara!..

Bu yerdən ötəri, bir para əhval,
Xidmətinə yazıb etmişəm irsal,
Cavabını tez yandırıb yola sal,
Bu iş də düzəlsin var ikən çara.