Cəmiyyətin yekdilliyi üçün təminat

Cəmiyyətin yekdilliyi üçün təminat
Müəllif: İsa Həbibbəyli
Sister Projects. Həmçinin baxın: Haqqında • Sitatları Mənbə: Azərbaycan.- 2011.- 23 noyabr.- S. 6.


Məlum olduğu kimi, ziyalı - ziya, işıq sözündəndir. XIX əsrin sonu, XX əsrin əvvəllərinin ictimai fikrində ziyalılıq daha çox oxumaq, savad almaq, təhsil görmək sözü ilə əlaqələndirilib. Oxumuş, məktəb görmüş adamları ziyalı hesab etmişlər. Bu, o dövrün meydana çıxardığı zəruri tələb idi. Ən azı "Poçt qutusu"nun mahiyyətini bilmək üçün savada ehtiyac var idi. Ona görə də yüz il bundan əvvəlin ziyalılıq baxımından ana problemi məktəb açmaqdan, təhsilə, məktəbə, elmə çağırmaqdan ibarət idi.

Doğrudan da, heç bir tarixi mərhələdə elmsiz, təhsilsiz ziyalılığı təsəvvür etmək mümkün deyildir. Elmi dünyagörüş, bilik ziyalılıq üçün zəruri faktordur. Çünki cəmiyyəti dərk etməyi, təhlildən keçirməyi, nəticə çıxarmağı bacarmaq üçün elm, savad, dünyagörüş vacib şərtdir. Azərbaycan cəmiyyəti ötən bir əsrdən artıq dövrdə savadlanmaq baxımından böyük yol keçib, məsafələr qət edib. Artıq çoxdandır ki, yalnız savadlı olmaq ziyalılığın əsas meyarı kimi qəbul olunmur. Elm, təhsil, bilik ölkənin və xalqın mənafeləri, müstəqil dövlətimizin inkişaf xüsusiyyətləri ilə üst-üstə düşəndə, biri digərini tamamlayanda, ümummilli ideallarla səsləşəndə milli ziyalılıq səviyyəsinə çatmış hesab oluna bilər. Milli mövqeyə, ölkənin, müstəqil dövlətin maraqlarına, xalqın inkişafına xidmət etməyən elmi biliklər yığnağı ilə ziyalılığın əlaqəsi yoxdur. Ölkə həyatından uzaq düşən, milli zəmindən qopmuş ziyalılar Azərbaycanın yox, digər ölkələrin, "qrant holderlərin" maraqlarına qulluq göstərirlər. Ölkənin və xalqın mənafelərini ifadə etməyən, müstəqil dövlətin taleyinə bağlı olmayan elm, ali təhsil və elmi dərəcə ziyalılıq deyil, ziyanlıq gətirə bilər.

Fikrimcə, fəaliyyət dairəsi, atdığı addımlar göstərir ki, ziyalılar adından danışmağa iddia edən məlum qrupun yorumu ziyalılıqla yox, ziyanlıqla daha çox səsləşir. Xüsusən şəxsi mənsəb və vəzifə maraqları ilə qrup mənafelərini şişirdərək cəmiyyətə ümumi problemlər kimi təqdim etmək yolunu tutmaq indiki halda yalnız cəmiyyətin inkişaf tempi ilə ayaqlaşa bilməyib geri qalan, Azərbaycan qatarında özünə yer qazana bilməyən şəxslərin seçdikləri yanlış çıxış yoludur. Bu yolun gedə biləcəyi məsafə çox qısa ola bilər. Xüsusən, məlum qrupun ziyalılarının yeni nəslini formalaşdıran, əsas ziyalı mərkəzlərindən biri olan ali məktəblərin sabit həyatına müdaxilə etmək üçün göstərdikləri cəhd heç bir mənada ziyalılıqla bir araya sığa bilməz. Böyük Mirzə Cəlilin hələ 1921-ci ildə yazdıqlarını yada salaq: "Siz mənim nəsihətimə əməl edib, bundan sonralıqda məktəbin qədrini biləcəksiniz və razı olmayacaqsınız ki, məktəbdə şuluqluqlar olsun. Çünki məktəb küçə deyil, qilü-qal küçədə olar, məktəbdə olmaz! ...Küçə camaatı həmişə qaranlıqda qalacaq. Amma məktəbdə hər bir kəs işıqlıq tapacaq".

Müstəqil Azərbaycan dövlətinin yeni nəsil vətənpərvər və hazırlıqlı ziyalılarını yetişdirmək ali məktəbdə kafedra müdiri olmaq uğrunda aparılan qalmaqallı mübarizədən qat-qat ali vəzifədir.

Çox vaxt belə hesab olunur ki, sovet dövründə ziyalılıq yalnız ideoloji funksiyaları yerinə yetirən bir vasitə olmuşdur. Doğrudur, Sovetlər İttifaqında dövlətin ana xətti sosializm, hətta kommunizm ideyalarının təbliğatçısı olan ziyalıları formalaşdırmaqdan və ön mövqeyə çəkməkdən ibarət idi. Bununla belə, sovet dövrünün Azərbaycan ziyalılarının hamısına birmənalı şəkildə yalnız ideoloji funksiya yerinə yetirən vasitə kimi baxılmasını tam da düzgün fikir hesab etmirəm. Nə qədər çətin olsa da, sovet hakimiyyəti illərində Azərbaycanda milli ziyalılıq müəyyən səviyyədə qorunub saxlanılmış, yetişib formalaşmışdır. Fikrimcə, sovet rejimi dövrünün ziyalılarını ən azı iki qrupa ayırmaq olar: Azərbaycan sovet ziyalıları; sovet dövrü Azərbaycan ziyalıları. Bunların bir-birindən fərqi az deyildir. Sovet dövründə yaranmış ədəbiyyatı da, elmi də eyni cür təsnif etmək mümkündür: Azərbaycan sovet ədəbiyyatı; sovet dövrü Azərbaycan ədəbiyyatı, yaxud da Azərbaycan sovet elmi və ya sovet dövrü Azərbaycan elmi. Azərbaycan sovet ziyalısı, sovet ədəbiyyatı və elmi keçmiş sosializm cəmiyyətinin ideyalarını əldə bayraq kimi tutaraq həmin çərçivədən kənara çıxmayan, sırf ideoloji yöndə yaranıb inkişaf edən əsas cəbhə olmuşdur. Bununla yanaşı, sovet dövrü Azərbaycan elmi və ya ədəbiyyatı dedikdə isə həmin mərhələdə meydana çıxan həm də milli mənafelərə xidmət edə bilən, yaxud ümumiyyətlə, ideologiyadan uzaq olan elmi-ədəbi sərvətləri nəzərdə tuturuq. Sovet hakimiyyəti illərində milli mənafelərə xidmət edən incəsənət əsəri, bədii ədəbiyyat nümunəsi, yaxud elmi əsər yaratmaq asan iş deyildi. Ancaq çox olmasa da, etiraf etməliyik ki, bu çətin işi bacaranlar olub. Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi, uzaqgörənliyi, himayəsi ilə XX əsrin yetmiş-səksəninci illərində milli ziyalılığın inkişaf etdirilməsi sahəsində böyük və məsuliyyətli vəzifələr uğurla həyata keçirilib.

Bununla belə, müstəqillik dövrünün ziyalılığı sovet dövrü ilə müqayisədə özünün funksiyası etibarilə əsaslı şəkildə fərqlənir. Çünki sovet hakimiyyəti illərində milli ziyalının, yazıçının, alimin, müəllimin niyyəti və maraqları ilə onun mənsub olduğu SSRİ adlanan dövlətin mənafeləri üst-üstə düşmürdü, düşə də bilməzdi. Sovetlər İttifaqı dövlətinin əsas ideologiyası milli ziyalılığı əridib itirməyə istiqamətləndirilmişdi. Sovet xalqı adlandırılan utopik, mücərrəd, ümumi bir anlayışın formalaşdırılması üçün böyük kampaniyalar həyata keçirilirdi. Müstəqillik dövründə isə milli ziyalılıqla milli dövlətçiliyin mahiyyəti, məramı, fəlsəfəsi, vəzifələri qaynayıb-qarışır. İndiki dövrdə ziyalılıq, elm, təhsil, ədəbiyyat, incəsənət müstəqillik qazanmış dövlətin və xalqın möhkəmlənib daha da inkişaf etdirilməsinə xidmət etməlidir. Müstəqil dövlətimiz milli ziyalılığın formalaşdırılması və inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Artıq milli ziyalılıq müstəqil dövlətçiliyin üzvi tərkib hissəsidir. Ümummilli liderimiz Heydər Əliyev dövlət müstəqilliyinin çətin sınaq illərində milli ziyalılığı qoruyub saxlamaq, yeni nəsil ziyalılarını formalaşdırmaq yollarında tarixdə dərin izləri qalan böyük xidmətlər göstərmişdir. Azərbaycançılıq məfkurəsi müstəqil dövlətimizin ümummilli ideologiyasına çevrilmişdir. Prezident İlham Əliyevin böyük uğurla həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində Azərbaycan ziyalılığı ölkənin aparıcı qüvvəsi, əsas siması səviyyəsinə çatdırılmışdır. Hazırkı mərhələdə respublikamızda azərbaycançılıq elmi istiqaməti yaranmışdır.

Bütün bunlara görə müstəqillik dövrün Azərbaycan ziyalısının siyasi mövqeyi böyük mübarizələr hesabına qazanılmış milli dövlətçiliyin daha da inkişaf etdirilməsinə həsr olunmalıdır. Sovet dövründən fərqli olaraq, indi milli ziyalılıq müstəqil dövlətçiliyin keşiyində dayanmalıdır. Fikrimcə, azsaylı tərkibə malik olan məlum qrupun fəaliyyəti, hər şeydən əvvəl, müstəqillik dövrünün ölkə ziyalılığını bölmək, ayırmaq cəhdi kimi görünür. Belə çıxır ki, onların kiçik dəstəsinə aid olmayanlar qeyri-ziyalılardır. Böyük çoxluğu, mütləq əksəriyyəti təşkil edən, mühüm xidmətləri olan ziyalılara bu cür münasibəti düzgün hesab etmirəm. Bundan başqa, hər kəs yaxşı bilir ki, şəxsi maraqları, qrup mənafelərini, fərdi narazılıqları, inciklikləri ümumiyyətlə ziyalı forumu adından təqdim etmək yanlışdır. Azərbaycan cəmiyyəti üçün yanlışlıqlar üstündə köklənmiş mənasız qalmaqallar yox, müstəqil dövlətçiliyin daha da möhkəmləndirilməsinə xidmət edən ziyalı birliyi, ümumiyyətlə, birlik və sabitlik çox mühüm və zəruri məsələdir. Birlik və sabitliyin pozulması meyilləri və ya cəhdləri müşahidə olunanda milli ziyalılıq seyrçi qalmamalıdır, mövqeyini ifadə etməyi özünə borc bilməlidir. Ona görə son günlərdə tanınmış ziyalıların kütləvi informasiya vasitələrində ziyalı birliyi əleyhinə yönəldilmiş cəhdlərə qarşı etiraz səslərini ucaltmaları, bu məsələ ətrafında qiymətli fikir və mülahizələrini ictimaiyyətin nəzərinə çatdırmaları ölkəmizdə formalaşmış möhkəm ziyalı birliyinin ifadəsi kimi mühüm əhəmiyyətə malikdir. Ziyalı birliyi isə cəmiyyətdəki sabitlik və birliyin barometridir. Ziyalı birliyi cəmiyyətin digər təbəqələrinin də yekdilliyi üçün böyük təminatdır. Ölkəmizdə artıq möhkəm milli zəminə və müstəqil dövlətçilik prinsiplərinə əsaslanan mütəşəkkil milli ziyalılıq formalaşmışdır. Bu, müstəqil Azərbaycan dövlətinin əsas sərvətlərindən biridir. Bu fonda məlum qrup kiçik, onun fəaliyyəti isə mənasız görünür.

Böyük maarifçilərimiz milli ziyalılığın böyük nümunələrini göstərmişlər. Böyük Mirzə Fətəli Axundzadə konkret olaraq Azərbaycan coğrafiyasının düşüncəsini milli ədəbiyyatın fövqünə qaldırmışdır. Cəlil Məmmədquluzadə üçün azərbaycançılıq idealı, Vətən, millət və ana dili məsələsi məslək işi, əqidə məsələsi idi. Üzeyir Hacıbəyli Azərbaycan ədəbi-ictimai fikrində milli düşüncənin əfsanəsidir. Bu nəhəng şəxsiyyətlərdə qeyri-adi istedadla böyük vətəndaşlıq işi vahid bir tamın bölünməz hissələri idi. Cəlil Məmmədquluzadə məşhur "Anamın kitabı" tragikomediyasında millət içindəki məslək ayrılığının, əqidə kasadlığının faciəsini göstərmişdir. Üzeyir Hacıbəyli ayrı-ayrı cəmiyyətlər yaradanların məramında ümumi görünən mətləblər adı altında şəxsi mənafelərin dayandığını ictimai bəla kimi dəyərləndirərək, 16 sentyabr 1908-ci ildə "Tərəqqi" qəzetində çap etdirdiyi "Hesab məsələsi" adlı məqaləsində yazmışdı:

"Sual: Nədən ötrü müsəlmanlar bu qədər cəmiyyətlər düzəldirlər?

Cavab: Ondan ötrü ki, axırda "cəmiyyətlərin" adamları bir-biri ilə savaşsınlar.

Sual: Yaxşı, məgər ayrı yerdə "cəmiyyətsiz" savaşmaq olmazmı?

Cavab: Olar, ancaq "cəmiyyət" içində savaşanların hər biri "haqq, haqqaniyyət" və "millət" adına savaşıb, öz şəxsi düşmənçiliklərini pərdələməyə yol tapırlar".

Aradan bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, təəssüf ki, hələ də şəxsi mənafeləri pərdələmək üçün qarşıdurma, təzad, ayrı-seçkilik salmaqdan ötrü yaratdıqları cəmiyyətlərdən faydalanmaq niyyətində olanlarımız qalmışdır. Halbuki Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəylinin, Həsən bəy Zərdabinin arzu etdiklərinə, uğrunda mübarizə apardıqları ideallara, yəni müstəqil dövlətimizin bərqərar olmasına bu gün bütövlükdə Azərbaycan xalqı, o cümlədən də yeni epoxanın ziyalısı gəlib çatmışdır, qovuşmuşdur. İndiki zamanın vəzifəsi qazanılmış müstəqilliyi qoruyub saxlamaqdan, möhkəmləndirib daha da inkişaf etdirməkdən ibarətdir. Bu da çox məsuliyyətli və şərəfli işdir. Müstəqillik dövrünün Azərbaycan ziyalısı bu müqəddəs işin şərəfini də, məsuliyyətini də yaşamağa, irəliyə aparan yollarda fədakarlıqla çalışmağı bacarmağa borcludur.

Dünya ictimaiyyətinin gözü qarşısında müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir və möhkəmlənir. Dünyada müharibə şəraitində olan heç bir ölkə bu qədər ciddi templərlə inkişaf edə bilməmişdir. Azərbaycan dünyaya çətin şəraitdə böyük inkişafa nail olmağın nümunəsini göstərir. Azərbaycan dövlətinin rəhbəri möhtərəm İlham Əliyevlə cəmiyyətin bütün təbəqələri arasında üzvi əlaqə, böyük təmas və qarşılıqlı etimada əsaslanan doğma münasibət formalaşmışdır. Bu, müstəqil dövlətçiliyimizin böyük nailiyyətidir. Ziyalılar adından danışmağa uğursuz cəhd edən qurumun meydana çıxardığı bəzi mənasız qabarmalar isə arzuedilməz olsa da, bütün bunların ictimai rəydə müzakirə edilməsi ilə geniş mənada həm də Azərbaycan cəmiyyətinin daha da təmizlənməsinə, aydınlaşmasına şərait yaranır.

Bu gün "Siz kiminləsiniz, Azərbaycan ziyalıları" sualının yalnız bir cavabı var: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə!

Möhtərəm Prezident Azərbaycan reallıqlarına, ölkəmizin ətrafında, dünyada gedən proseslərə dərindən bələddir. Prezident İlham Əliyev böyük dövlətçilik və idarəçilik təcrübəsi ilə mənsub olduğu xalqın və beynəlxalq ictimaiyyətin rəğbətini qazanmışdır. İrəlini, gələcəyi bütün spektri ilə aydın şəkildə görə bilən, böyük xidmətləri, parlaq əməlləri ilə xalqını özünə inandırmağı bacarmış İlham Əliyev əslində müasir səviyyəyə çatdırılmış modern Azərbaycanın müəllifidir. Ölkənin bundan sonrakı inkişafı üçün çoxaspektli, ardıcıl, məqsədyönlü fəaliyyət baxımından Prezident İlham Əliyev böyük potensiala və perspektivə malikdir. Bütün bunlar xalqımız üçün böyük şans və real təminatdır.

Azərbaycan xalqı və müstəqil dövlətimiz daha sürətli inkişafın içərisindədir. Yaşadığımız hər gün ölkəmizin inkişafı baxımından bizi bir addım da irəli aparır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının on beş üzvündən biri olmağı bacarmış Azərbaycan Respublikasının dünya birliyindəki yeri və mövqeyi günbəgün artır və qüvvətlənir. Ən qısa zamanda Azərbaycanın inkişaf etmiş dövlətlər sırasında daha üstün yer tutacağına inanıram. İnam çox mühüm məsələdir, ancaq bu böyük amal naminə hər kəs üçün ayrı-ayrı cəmiyyətlər adından lazımsız bəyanatlar vermək yox, çalışmaq və yenə də çalışmaq əsas vəzifə olmalıdır.