Cənnəti-ədn imiş üzün, üştə ləbin də kövsəri
Cənnəti-ədn imiş üzün, üştə ləbin də kövsəri Müəllif: İmadəddin Nəsimi |
Cənnəti-ədn imiş üzün, üştə ləbin də kövsəri,
Qədrü bərat imiş saçın, xalü xətin mələkləri.
Qaliyəbu saçınla çün can ilə vüslət etmişəm,
Çini-tatarı bulmuşam ud ilə mişkü ənbəri.
Mə’dəni-ruh əgər desəm ləblərinə, əcəb degil,
Cövhəri cövhəri bilir, sən mana sor bu cövhəri.
Hüsnü cəmali-surətin qiblədir, uşbu mə’nidən
Surətinə sücud edər ay ilə şəmsi-xavəri.
Can ilə kim ki, könlünü eşqinə qılmadı vətən,
Divə müsəlləm eylədi məmləkəti-Skəndəri.
Dairəsində sünbülün nöqtə günəşdir, ay ilə,
Gör nə imiş bu nöqtənin daireyi-müdəvvəri?
Lövhi-zəmirə nəqşini sübhi-əzəldə yazmışam,
Məhv eləməz bu səfhədən kimsə bu nəqşi-peykəri.
Üzünə qarşu, ey mələk, hüsnünü öymə kim, ana
Ay ilə gün sücud edər, anda pərin tökər pəri.
Kişvəri-əmnü afiyət, mə’rifətin kilididir,
Ey məliki-zəmanə, gəl fəth edə gör bu kişvəri.
Həşrü hesabü məhşərə qail isən, gəl üştə gör
Həlqələrində zülfünün şol ərəsati-məhşəri.
Gülşəkəri nə vəch ilə ağzına nisbət eyləyim
Kim, xəcil eylədi ləbin bal ilə qəndü-şəkkəri.