Cadu gözünə rahibü tərsa nə münasib
Cadu gözünə rahibü tərsa nə münasib Müəllif: Zikri Ərdəbili |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Cadu gözünə rahibü tərsa nə münasib?
Əyri qaşına taği-kəlisa nə münasib?
Derlər mənə Məcnun, sənə Leyla eşidənlər,
Məcnun mənə nisbət, sənə Leyla nə münasib?
Can istərisən, eylə bir iyma, verim, amma
Göytar olan heynidə iyma nə münasib?
Ey simbədən, könlümü nərm eyləmisən sən,
Ayineyi-büllurinə ara nə münasib?
Dəndarıma gər iqdi-sürəyya dedim, amma
Lölölərə ol iqdi-sürəyya nə münasib?
Qoy başına bir mən dolanım, çünki olubdur –
Şəm atəşinə yanınağa pərvanə münasib.
Xof etməgilən, Zikri, o xublar qəzəbindən,
Sərbadiyeyi-eşqdə pərva nə münasib?