Cam içrə mey ki, dairə salmış hübab ona
Cam içrə mey ki, dairə salmış hübab ona Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.45. |
Cam içrə mey ki, dairə salmış hübab ona,
Ayinədir ki, əks salır afitab ona.
Zahid sual edərsə ki, meydən nədir murad?
Bizdə səfadır, onda küdurət, – cəvab ona.
Qan-yaş töküb yanında dönər atəşin kəbab,
Mə’şuqə bənzər atəşü aşiq kəbab ona.
Eylər könüldə əşk xətin şövqünü füzun,
Oddan çıxar buxar, saçıldıqca ab ona.
Çeşmin mərizi oldu könül, lə’ldən əm et,
Rənci-xumarə düşdü, dəvadır şərab ona.
Təklifi-cənnət eyləmə kuyində könlümə,
Çün cənnət əhlidir, nə verirsən əzab ona?
Məsduddur Füzuliyə meyxanələr yolu,
Ya Rəb, hidayət eylə təriqi-səvab ona!