Can içində dərdi-eşqin olalı, cana, müqim

Can içində dərdi-eşqin olalı, cana, müqim
Müəllif: Həbibi
Mənbə: Həbibi. "Şeirlər" (PDF) (az.). "Şərq-Qərb". 2006. 2017-04-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-16.

Can içində dərdi-eşqin olalı, cana, müqim,
Gözlərindən sayru könlüm oldu sağü müstəqim.

Gün yüzün ayinəsinə baxduğunca hər nəfəs,
Gözümə rövşən görünür vəchi-rəhman, ey həkim.

Hər qaçan bir busə etsə can ləbindən iltimas,
Bağrımı xunxarə qəmzən edər ol dəmdə dunim.

Nemətü nazın cahanın nə der, ey can, canü dil,
Kim olara cövri-nazın oldu çün nazi-nəim.

Ey Həbibi, cövrü nazın görəlidən gözlərim,
Könlümün aramı getdi, canda qəm oldu müqim.