Cana, üz istivasına şəqqül-qəmər gərək

Cana, üz istivasına şəqqül-qəmər gərək
Müəllif: İmadəddin Nəsimi


Cana, üz istivasına şəqqül-qəmər gərək,
Ol mö’cüzün bəyanına xeyrül-bəşər gərək.

Musasifət təcəlliyi-didar üçün sana,
Hüsn ilə qamətin kimi Turü şəcər gərək.

Əhya qılır əgərçi dəmin ölü, ey sənəm,
Xəlvətnişinə şahidü şəm’ü şəkər gərək.

Başımı top edib, şəha, meydanə girmişəm,
Meydanə girməgə yenə mərdanə ər gərək.

Hər bibəsər səni neçə yol bula görməyə,
Uçmaqda rö’yətə dəxi əhli-nəzər gərək.

Napak olan sənin nə bilir qədrü qiymətin,
Zatında adəmin dəxi arı göhər gərək.

Qismət, Nəsimi, olmayacaq yara kim irər,
Yara irişməgə yenə yardan xəbər gərək.