Canan dağına
Müəllif: Molla Pənah Vaqif
Mənbə: Sədnik Paşa Pirsultanlı (2003). Heca vəzninin bayatı və qoşma möcüzələri (az). Təhsil. Yoxlanılıb 2018-08-08.

Səhər-səhər əsən qiblə yelləri,
Heç yolun düşdümü canan dağına?
Ağ sinədən şölə, tər şamamədən,
Görüm, əl dəymişmi canan tağına?

Həsrətindən bağrım gül, şanə bənzər,
Mənə Vərqa, sənə Gülşa nə bənzər?
Yarın qoynu içi gülşənə bənzər,
İstər pərvaz edə canan dağına.

Götür günəş camalından ol ağ yar,
Sən bəri bax, qoy söylənsin ol əğyar,
Rəqib ölsün, biz ikimiz olaq yar,
Nə var ondan qeyri canan dağına.