Canlar verib, sənin kimi cananə yetmişəm
Canlar verib, sənin kimi cananə yetmişəm Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.224. |
Canlar verib, sənin kimi cananə yetmişəm,
Rəhm eylə kim, yetincə sənə canə yetmişəm.
Şükraneyi-vüsalinə can verdigim bu kim,
Çox dərd çəkmişəm ki, bu dərmanə yetmişəm.
Halım deyib, muradıma yetsəm əcəb degil,
Bir bəndəyəm ki, dərgəhi-sultanə yetmişəm.
Muri-mühəqqərəm ki, sərasimə çox gəzib,
Nagah barigahi-Süleymanə yetmişəm.
Bir bülbüləm ki, gülşən olubdur nişimənim,
Ya tutiyəm ki, bir şəkəristanə yetmişəm.
Dövri-fələk müyəssər edibdir muradımı,
Guya ki, talibi-gühərəm, kanə yetmişəm.
Miskin Füzuliyəm ki, sənə tutmuşam üzüm,
Ya bir kəminə qətrə ki, ümmanə yetmişəm.