Cavablar cavabı
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. Hоphоpnamə. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2004, səh. 65 anl.az


Elm ayineyi-surəti-hal idi, nədən bəs,
Əcsamdə ərvahə misal idi, nədən bəs,
Elm ilə vətən nikməal idi, nədən bəs,
Təhsili-ədəb, kəsbi-kəmal idi, nədən bəs,
Millət ümənasi bu gözəl rütbəyi dandı?
Əfsus, “Həyat” isə məmat oldu, qapandı!

Elm idi əgər bəxş edən insanə şərafət –
Millət nə səbəbdən ona göstərmədi rəğbət?
İslam ülumunda gər olsaydı ləyaqət
Rusi oxumuşlar bə neçin etdilə nifrət?
Bu nifrəti hər gündə görüb axır utandı,
Əfsus, “Həyat” isə məmat oldu, qapandı!

Mey nəş’əsini zövq bilər, cam nə bilsin?
Ruh anladığı ləzzəti əcram nə bilsin?
Ustadın işin, işlədiyin xam nə bilsin?
Elmin, hünərin qiymətin İslam nə bilsin?
Getsin qabağa qonşular, İslam dayandı,
Əfsus, “Həyat” isə məmat oldu, qapandı!

Qoy qonşular alsın hələ min dürlü fəvaid,
Qoy qonşular etsin hələ təzyidi-cəraid,
Sən söylə, qəzetdən nə olur bizlərə aid,
Ancaq ikini bir elə, qoyma ola zaid,
İslamdə bilmək, oxumaq çünki ziyandı,
Əfsus, “Həyat” isə məmat oldu, qapandı!

Əğyarlər imdi sənə faiqmi, deyil ya?
İslamını məhv etməyə şaiqmi, deyil ya?
İbzali-himəm millətə layiqmi, deyil ya?
Ancaq əməlin qət’i-əlaiqmi, deyil ya?
Çün qət’i-əlaiq odu hər guşədə yandı,
Əfsus, “Həyat” isə məmat oldu, qapandı!

Gopnan əməl aşmaz, işə qeyrət gərək olsun,
Millət düyünün açmağa hümmət gərək olsun,
Min elm deməkdənsə həmiyyət gərək olsun,
Sözdən nə bitər, işdə həqiqət gərək olsun!
Həqsizliyi hər gündə görüb axır usandı,
Əfsus, “Həyat” isə məmat oldu, qapandı!

Ağrıtma əbəs başını, meyl etmə ülumə,
Yox vəq’ qoyan elmə, kəmalatə, rüsumə,
Hər kəs cibini güdmədədir baxsan ümumə,
Xərc etsə edər dolma-badımcanə, lühumə;
Hop-hop, yeməyə, içməyə bu qövm yarandı!
Əfsus, “Həyat” isə məmat oldu, qapandı!..