Cinlər padşahının qızı

Rəvayətlər. Cinlər padşahının qızı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir kişi evdə oturubmuş. Görür ki, güllükdə it bir qızı didir. Kişi tez cumur qızı itdən alır. Ondan soruşur ki, sən kimsən, buralarda neynirsən? Qız deyir ki, mən cinlər padşahının qızıyam. Biz gözəgörünməz oluruq, təkcə it bizi görür.* Burdan keçirdim, bu it məni tutdu. Baxdım ki, məni parçalayacaq, ona görə sənin gözünə göründüm. Atam sənə nə versə alma, de ki, ağzına tüpürsün. Ondan sonra sən hər şeyin dilini biləcəksən. Ancaq gərək bundan öz xeyrinə istifadə edib heç bir canlını ac qoymayasan. Kişi razılaşır. Bunlar düşürlər yola. Çaya rast gələndə, çay ikiyə ayrılır. Bunlar keçəndən sonra birləşir. Dağa rast gələndə dağ aralanır, bunlara yol verir. Xülasə, axır ki, gəlib çatırlar cinlər diyarına. Cinlər padşahı kişini görən kimi gəlib alnından öpür. Buna çoxlu qızıl-gümüş verir. Kişi almır, deyir ki, tüpür ağzıma. Cinlər padşahı bunun ağzına tüpürür, sonra cinlər kişini qaytarıb qoyurlar öz evinə. Kişi görür ki, dünyada nə varsa hamısının dilini bilir. Başlayır şad-xürrəm yaşamağa

Mənbə redaktə