Cinlərin Tağını oğurlaması
Rəvayətlər. Cinlərin Tağını oğurlaması Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bizim Tağı adlı bir əmimizi cin aparıb.
Dədəm danışırdı ki, Tağının on iki-on üç yaşı vardı. Bir gün
obaşdan onu götürüb Qanlı ağac tərəfə ot biçməyə getdim. Gördüm
uşaq yorulub (Tağıya babamızın adını qoymuşduq, eləcə “baba”
deyirdik). Dedim:
– Baba, yorulmusan, gəl min dalıma.
Dedi:
– Yox, dədə, onsuz da çatmışıq.
Gəldik Qanlı ağaca çatdıq. Birdən Tağı yoxa çıxdı. Ora – Tağı, bura – Tağı, uşaq tapılmadı. Sobunun başında Qala daşı deyilən bir yer var – ordan Tağının köynəyini tapdıq.
Üstündən on-on iki il keçmişdi. Bir gün xəbər gəldi ki, bir ovçu çöldən bir adam tutub gətirib – bədəni tükün içindədi. Dedim:
– Mənim oğlumun oturacaq yerində, halqa yanıq yeri var. Uşaq vaxtı qızmar sacın üstündə oturub yanıb. O adamda bu nişanə varsa, mənim oğlumdu.
Getdilər o adamı gətirdilər. Nəmindən-nişanından bildik ki, Tağıdı. Dili tutulmuşdu, danışa bilmirdi. Mollaya baxdırdıq, dedi:
– Bunu cin aparıbmış. Aparıb dəyişib, adamlıqdan çıxardıb.