Dönübdür (Abbasqulu ağa Bakıxanov)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dönübdür
Müəllif: Abbasqulu ağa Bakıxanov
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

 
Qəm çəkmə, könül, gər ciyərin qanə dönübdür,
Əyyami-vüsalın şəbi-hicranə dönübdür.
Bülbül tək işin naləvü əfqanə dönübdür,
Tiflisə nəzər qıl ki, gülüstanə dönübdür.
Hər bir gözəli afətü cananə dönübdür.

İrs ilə yetib bunlara asari-vəcahət,
Geysuləri sünbül tək alıb tabü təravət
Qamətləri dünyaya salıb türfə qiyamət,
Hər dilbərə bir növ verib rəngi-nəzakət,
Kür suyu məgər çeşmeyi-heyvanə dönübdür?

Hər şuxi-pəripeykər açıb türreyi-tərrar,
Dildadələri etmək üçün damə giriftar.
Səyyadi-sitəmgər bu güzərgahda çox var,
Ahubeçələr tək doludur kuçəvü bazar,
Çin mülkimə bu mənzili-viranə dönübdür.

Hər kim gələ Tiflisə tamaşa tələbindən,
Zülfi-ruxi-məhvəşləri görmək səbəbindən,
Görməz əsəri-rahəti-can ruzü şəbindən,
Xoşləhcə pərizadələrin ləli-ləbindən,
Bu kişvəri-pürşur Bədəxşanə dönübdür.

Bunlarda bu yarəb, nə səfadır fərəhəngiz,
Hər sərvqədin şiveyi-rüxsan bəlaxiz,
Rüxsari-niku, türreyi-mişkini dilaviz,
Hər əbruyi-xəm şəkildə bir xəncəri-xunriz,
Qan tökmək üçün hər müjə peykanə dönübdür.

Hərçənd bu gülzardə çox dilbəri gördüm,
Can qəsdim edən şuxi-sitəmküstəri gördüm,
Arizləri mehtaba bərabərləri gördüm,
Əvvəl yetişən gündə ki, İskəndəri gördüm,
Aya bu mələkdir, dedim, insanə dönübdür.

Qüdsi ki, dəmi-qüdsi vurub lafi-təvəüa,
Tən eylər idi görsə birin valehü-şeyda,
Tərk eyləmiş islamı görüb bunları hala,
İstər ola çarubkeşi-səhni-kəlisa,
Zünnar salıb boynuna, Sənana dönübdür.