Dönər
Müəllif: Miskin Abdal
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23.


Vətən deyib ağlayanın,
Göz yaşları selə dönər.
Axıb gedər gecə-gündüz,
Bir məkanda gölə dönər.

Yolu yorğun dağ aşanın,
Axırı yox şöhrət-şanın.
Qürbət eldə yaşayanın,
Bir həftəsi ilə dönər.

Bir yandadı hay-haraylar,
Bir yandadı sonsuz vaylar.
Çilçıraqlı çox saraylar,
Yanıb-yanıb külə dönər.

Mayasıdı haqdan halal,
Hər kəlməsi sirli sual.
Qərib olan Miskin Abdal,
Bəlkə bir gün elə dönər.