Dönmənəm, bəylər

Dönmənəm, bəylər
Müəllif: Seyidnəzər Seydi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Vətən üçün çıxdım Qırat belinə,
Ta canım çıxınca dönmənəm, bəylər.
Dikdir sərim, düşməm düşmən altına,
Sel tək axsa qandan qanmanam, bəylər.

Elim üçün şirin candan keçərəm,
Düldül minib, qanad taxıb uçaram.
Namərd deyləm, Haqdan qəsəm içərəm,
Yanıb duran nar - mən, sönmənəm, bəylər.

Yesir qalmaz oğlan-uşaq ağlayıb,
Oda düşməz aşiq ürək dağlayıb.
Mən həm bu gün Mürtəzadan çağlayıb,
Qəsəm qıldım, onu danmanam, bəylər.

Tamaşa eyləyin qılan vuruşuma,
Yüz min ləşkər çıxa bilməz qarşıma.
Ər iyidəm, mərdlik ilə duruşuma,
Od vurarlar mən həm yanmanam, bəylər.

“Ər-mən” deyən çıxsın belə yürüməyə,
Ləşkər dartır Mir Heydəri vurmağa.
El-gün üçün şirin canın verməyə,
Vurdum başım, şəptdən sunmanam bəylər.

Haq əzəldən saldı məni bu yola,
Can vermədən diri düşməzəm qola.
Tamaşa qılanlar bulanan selə,
Neçə qanlar uddum qanmanam, bəylər.

Ərdən oldum, ərlik ilə ölərəm,
Kim dostum, düşmanım fərqin bilərəm.
Savaşda ağlamam, şadam, gülərəm,
Namərd olub dünyaya enmənəm, bəylər.

Yad edərəni Koroğlunu, Zamanı,
Əli Mürtəzayi Şahi Mərdanı.
Rüstəm Zal, İsgəndər, Qacar pəhlivanı,
Orta atdım, çoxun sanmanam, bəylər.

Seydi çıxdı at yarağın bəsləyib,
Qan gördü gözlərim qəlb həvəsləyib.
Qaçmanam, ölərəm, ləşkər istəyib,
Savaş üçün çıxdım, dönmənəm, bəylər.