Dördçərşənbə - Birinci çərşənbə

Dördçərşənbə - Birinci çərşənbə
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005

Açıldı hava,
Qurtardı dava.
Getdi qış,
Gəldi yaz.
Doğdu Günəş,
Bitdi ayaz.
Çölə çıxdı
Qoyun-quzu.
Güldü yenə
Göyün üzü;
Güldü yenə
Yerin üzü.
Düzlər yenə çiçək açdı,
Günəş qovdu, soyuq qaçdı.
Soyuq qarla isti Günəş
Yazda Qışın davasıdır.
Görən deyir:
Üzə dəyən
Meyxoş meh də
Gözəl Yazın havasıdır!