Dörd bazarı var
Dörd bazarı var Müəllif: Nəbi Miskin |
Qıfılbənd |
Seyrə çıxdım bir bazarın yoluna,
Dolandım dövrəsin, dörd bazarı var.
Neçə min küçədə, neçə min dəllal,
Hərənin bir yolla kəsbi-karı var.
Milləti-bəşərin olub binası,
Əzzəli Adəmdi ata-anası.
Dağıldı cahana, yandı çırası,
Yüz iyirmi dörd min xoş güzarı var.
Onun sayəsində mən də dilədim,
Yetdim mətləbimə, şükür eylədim.
Qadir ilahidən kəlamı qədim,
On səkkiz min aləmin hesabdarı var.
Üç qapı açılmış birdi otağı,
İçində bar verir doqquz budağı.
Şair Nəbi kəşd eylədi bu bağı,
On iki ox tutan kamamdarı var.