Dördatlı yenicə gün
Dördatlı yenicə gün Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. Seçilmiş əsəsrləri. Bakı, "Şərq Qərb nəşriyyatı", 2005. səh.202 |
Minib dörd atını, çapır dördnala,
Düzlərdən, çöllərdən gəlir Yenicə gün!
Yelqanadlı, odürəkli, suüzlü,
Yolların bağrını dəlir, Yenicə gün!
Öldürür sazağı, qovur soyuğu,
Yaşıl xalı edir bağı, qoruğu.
Boy verib qaldırır nazik çubuğu,
Dağlardan, sellərdən gəlir Yenicə gün!
Torpağa çatınca toxtayır bir az,
Arxada qarlı qış, öndə güllü yaz.
Göyərmiş bənövşə, ləçəyi ətlas,
Qrovu, qarını silir Yenicə gün!
Bu torpaq cövhərdir başdan, binadan,
Nə atadan olub, nə də anadan.
Asılı qalıbdır ulu səmadan.
Ətirli güllərdən gəlir, Yenicə gün!
Qardan, buzdan çıxan nərgizlərə bax,
Rəngindən qan daman о qızlara bax!
Yerə həsrət çəkən yıldızlara bax!
Cocuq gözlərində gülür Yenicə gün!
İstəyi, amalı ox ucundadır!
Gücü Yel gücündə, sel gücündədir!
Yerin xəbər alsan Qız bürcündədir,
Özünü Günə tən bilir Yenicə gün!