Dörddür-dörd
Müəllif: Aşıq Alı
Mənbə: Niftalı Göyçəli (2017). "Göyçə ustadları" (antologiya), I hissə. (az). Bakı: "Elm və təhsil". ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib. 2017-11-23 tarixində istifadə olunub.

Ay səf çəkər il işində
Həftə kafi dörddü-dörd.
Bahar fəsli yek sel eylər
İftixarı dörddü-dörd.
Həsdir, Kəbə, Nəcəf, Məşhəd
Səcdəgahlar diyarı.
Uçar qonar mürği-ruhum
Pir diyarı dörddür-dörd.

Cahargahnan qərar tutdu,
Əşya yerdə dayandı.
Sənət sərmayə höhmündə
Sayaları bəyandı.
Səməndərin cismi-canı
Odda söndü, həm yandı.
İstər uçan, istər qaçan
Balu-pəri dörddür-dörd.

Şəmsi xilqət şərəflidir,
Ululardan uludu.
Kərəm eylər nanu-nəmək
Bəhrələnib, doludu.
Gərdişimə növraq verən
Səltənətin yoludu.
Bəyan edir cəhətləri,
Ünvanları dörddür-dörd.
Neçə çeşmə qərar tutdu
Müdam nəhrin içində,
Neçə nəhr ümman oldu
Saysız qəhrin içində,
Neçə ümman dərya oldu,
Bir sehirin içində.
Dəryaların pür dəryası,
Nəhəng varı dörddür-dörd.

Hey oxudum, hey aradım,
Axır qaldım bisavad.
Fəzli elə bir həmdəmdi,
Kimsənəyə deyil yad.
Aşıq Alı, zikr eylə,
Abı, atəş, xakı, bad.
Aşkar etdim dövranımın
Səbəbkarı dörddür-dörd.