Dövran
Dövran Müəllif: Aşıq Alı |
Eli-elə saldı yadlar,
Matəm oldu elə dövran.
Uydu ağıldan kasadlar,
Düşdü fitnə-felə dövran.
Arif olan, qəmin artdı,
Piran imdaddan kasaddı,
Nə dövrandı, nə həyatdı,
Viran qalsın belə dövran.
Molla, mömün olub ası,
Qur mərəkə, saxla yası.
Cövlan, ötən qəm dəryası,
Qafil düşdü selə dövran.
Güllə atır hər bir naşı,
Oldu qəlbim qəm yoldaşı.
Qopur fəryad addımbaşı,
Dönüb siyah telə dövran.
Alı zəlil, yox hünəri,
Nə fitnədi - var xəbəri.
Qəm-qüssəyə dözmür səri,
Necə etsin elə dövran?!