Düşübdü (Yəhya bəy Dilqəm)

Düşübdü
Müəllif: Yəhya bəy Dilqəm
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Şəmsəddin elində, Tovuz çayında,
Gözüm bu gün bir dildara düşübdü.
İki çeşmi cadu, canım afəti,
Elə bir mehri rüxsara düşübdü.

Yüz nazü-qəmzəynən qəddi payinə,
Müjganından bir çox çəkdi yayinə,
Döşəndim, fərş oldum xaki-payinə,
Onda gördüm can nisara düşübdü.

Gülüstani-Rəmdən gəlmiş ol pəri,
Ayla gün hüsnünə olub müştəri,
Yenicə dolanır şahmar zülfləri,
Mürcümlənib bir kənara düşübdü.

Niqab açdı, nəzər saldı hər yana,
Hüsnünün şəminə oldum pərvana,
Gülzarın gülü, bağü-bostana,
Nə çəmənə, nə gülzara düşübdü.

Ceyranlar gəzərdi çöl bərəsində,
Sona məskənində, göl bərəsində,
Əfşan olan zülfün tel bərəsində,
Laçın könlüm xub şikara düşübdü.

Dünyada xoş olur vüsali-həmdəm,
Fərağında nalə çəkdim dəmadəm,
Vadiyi-heyrətdə Qeys olur Dilğəm,
Leylisindən çün avara düşübdü.