Düşünən kəs sirri bilər ki, mən kəmalə sığmazam

Düşünən kəs sirri bilər ki, mən kəmalə sığmazam! (1996)
Müəllif: RAUF CAVAD

Xəyalə sığar küllü aləm, mən xəyalə sığmazam,
Yazılıb min cür dastan, mən cümlə məqalə sığmazam.

Kim ki gördü həqiqəti, nur gözlərdə həqqi-məni,
Dərk etdi ki, mən, zənni gümanə, misalə sığmazam.

Ayrılıb ruhu cəmi aləmin həqiqəti məndən,
Hər ayədə var nişanəm, heç bir əmsalə sığmazam.

Hara baxsa dəli Aşiq, dilbəri, görər gözləri,
Hər yerdə axtarar nəfsi məni, hər halə sığmazam.

Zər qədrini, aləmi zərri yaradan zərgər bilər,
Alıb sual məna cavabın, mən sualə sığmazam.

Düşünsə bəşər, bular mərifəti-kamalı insan,
Düşünən kəs sirri bilər ki, mən kəmalə sığmazam!

Şübhə etdi zahid, nəfsini zay etdi oldu abid,
Fəqət şəkk etdi əbləh, qəlbdə qarə xalə sığmazam.

Bəzənib aləm al-əlvan mn cür rəngə, rəng verən mən,
Hər rəngin var öz mənası, rəngi əhvalə sığmazam.

Bölünüb fani dünya, cahillik yayılıb dörd yanə,
Axtarır yol, cənub qərbə, şərqə-şimalə sığmazam.

Diqqət et, əks eyləmişəm nur xəyalimi ruhinə,
Nəzər et aynədə xəyalinə, məalə sığmazam.

Yox ikən var etdim yoxu mən, əbədi-əzəli mən,
Qanmaz qafil cümlə hikməti, dili lalə sığmazam.

Alıb gözəlliyi, aləmin gözəlləri, gör kimdən?
Ən gözəli vəsf etsədə şair, cəmalə sığmazam.

Ayə, məgər görməz gözlər rəsimdə Əsli gözəli?
Olub qurban neçə dəli heyran, cəlalə sığmazam.
 
Dərdi bəladır mən aşiqə sevgi, Şirindir qəmi,
Kim anlar, içib ölüm şərabin, amalə sığmazam.

Rauf istər qovuşa, sevən sevgili cananına,
Mənəm Adəm, sirri Əli, vəli vüsalə sığmazam! ...Müəllif:Rauf Cavad