Düşərsən (Aşıq Alı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Düşərsən
Müəllif: Aşıq Alı

Kəndin laf eyliyib aşığam demə,
Sən də olar bir gün dara düşərsən,
Nə gəzirsən çöl-biyaban, səhrada?
Dağlarda borana, qara düşərsən.

Gəl özün özünə verməginən boy,
Özgə qabınnan ye, öz qabınnan doy.
Qırxıb yal-quyruğun eylərəm bir day,
Yal-quyruğu qırxıq hara düşərsən.

Ustadam, Alıyam, tanısan məni,
Dürün mədəniyəm, gövhərin kanı,
Bir kərə götürüb ataram səni,
Gedib cəhənnəmdə nara düşərsən.