Düşdü (Şair Aydın)
Düşdü Müəllif: Şair Aydın |
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ay ağalar, gəlin sizə söyləyim,
Yaxşı dostlar bizdən aralı düşdü.
Aylar naçağlıydım, illər xəstəsi,
Bayqu kimi sinəm yaralı düşdü.
Bəsləyirdi sinəsində, döşündə,
Oyandırdı kirpiyində, qaşında,
Səhər-səhər, sər çeşmələr başında,
Yadıma dağların maralı düşdü.
Bizim dağlar zimistandı, qarlıdı,
Dostun bağı heyvalıdı, narlıdı,
Yazıq Aydın, könlün nə qübarlıdı,
Bizim bağlar bu il qoralı düşdü.