Düşdü yenə dəli könül gözlərinin xəyalinə
Düşdü yenə dəli könül gözlərinin xəyalinə Müəllif: İmadəddin Nəsimi |
Düşdü yenə dəli könül gözlərinin xəyalinə,
Kim nə bilir bu könlümün fikri nədir, xəyali nə?
Al ilə ala gözlərin aldadıb aldı könlümü,
Alını gör nə al edər, kimsə irişməz alinə.
Qiymətini dodağının dəgmə xəsisə sorma kim,
Mən bilirəm ki, can ilə susamışam zülalinə.
Gözlərinə əsir olan halımı, oldur anlayan,
Kim ki, bu halə düşmədi qoy vara kəndü halinə.
Sirrini şol qara bənin çünki yanağı şərh edər,
Can, nə ola nisar edəm yanağınavü xalinə?
Dadlı sözündən utanır abi-həyat, məhv olur,
Gülbəşəkər nə nəsnədir kim, irişə məqalinə?
Hüsnü cəmalü surətin məclisi bərkəmaldır,
Şərhü bəyanü vəsfinə əql irəməz kəmalinə.
Üzünü, qaşını görən qarşubəqarşu, gözbəgöz,
Sanma ki, baxa ol gögün bədrinə ya hilalinə.
Aşiqi-sadiqin qanı yarə həlal imiş, vəli,
Girsə əgər rəva degil dilbəranın vəbalinə.
Ay ilə gün sücud edər surətini göricəgiz,
Bu nə cəmalü hüsn olur, səlli-əla cəmalinə.
Buldu Nəsimi çün səni, keçdi qamudan, ey sənəm,
Qoydu həqiqü ətləsi, girdi əbavü şalinə.