Düşdük
Müəllif: Aşıq Musa
Mənbə: Aşıq Musa, "Əsərləri" (tərtib edəni:İslam Ələsgər), Bakı, "Elm və təhsil", 2013.

 
Mən sizə söyləyim, duran cavanlar,
Bu səfərdə əcəb tufana düşdük.
Dörd tərəfi aldı qarlı dumanlar,
Maral bulağında borana düşdük.

Bad fərman gətirib, elədi tüğyan,
Çaşdırdı yolları, dolandıq hər yan.
Bir ləhzədə zülmət kəsildi cahan,
Orda qırılmağı gümana düşdük.

Musanın dərdindən siz olun agah,
Bir daşa yoldaşım gətirdi pənah.
Üz tutduq Xudaya, biz tapdıq irah,
Yüz yol “llah” dedik, amana düşdük.