Düşdüm (Növrəs İman)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Düşdüm
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 41-42

Xaliqin qüdrəti, hökmi-bəyanı
O gün ki zülümət dünyaya düşdüm.
Ağlım başa doldu, verdi fərmanı,
Eşqdən hər qəmli əzaya düşdüm.

Haqq yolunda xeyli eylədim həvəs,
Yığıb hər nizamı, etdim dəsbədəs,
Nalə qıldım mən də misali-məkəs,
İbtida, bir eşqi-mövlaya düşdüm.

Coş verdi, sinəmdə dərdü qəm daşdı,
Doldurdu sərimə, həddindən aşdı.
Dolandım pərişan, gözü qan-yaşdı,
Qəza qəhr eylədi, sevdaya düşdüm.

Könlüm pərvaz etdi, eşqə dolandı,
Gərdiş atdı, hər qəzaya bulandı,
Əyildi iş, baxtım oda qalandı,
Atıldım çöllərə, bəlaya düşdüm.

Gahi çaşdım, gah düzəldim haqq yola,
Ömrüm fəna oldu mənim il-ilə.
Sirri bir xəyalı kim tapıb bilə,
Tərpənəndə ahu nəvaya düşdüm.

Mən gəzdim qəmimlə, xalq dedi "dəli",
Hər fəndi-insana demədim bəli.
Olundum imtahan, qandım əməli,
Qəlbimdə çox fikri-üzmaya düşdüm.

Öz işim, yəqinim məndə aşikar,
Anladım kənarda hər nə əməl var.
Şahiddi hər işdə bir pərvərdigar,
Qəflətdə bulunmaz çaraya düşdüm.

Dünyada görmədim mən bir etibar,
Könüllər qarışıq, olmayıb bidar.
Çətindi bir kəsə olmaq ümidvar,
Axtarıb gərdişi, haraya düşdüm.

Gah oldum şadiman, gah da xəcalət,
Ha çalışdım doğru, düzgün, ədalət.
Bir kimsəyə mən etmədim xəyanət,
Axır gün min cürə qəzaya düşdüm.